mygov qeydiyyatı və ASAN Login: mygov ID necə açılır
mygov qeydiyyatı video və SİMA ilə necə keçilir, ASAN Login niyə mygov ID oldu, vergi, məhkəmə və gömrük portallarına hansı girişlə daxil olunur.
mygov qeydiyyatı mygov ID hesabının açılmasıdır: köhnə ASAN Login, sonra digital.login 2025-ci ilin oktyabrından bu adla işləyir. Hesabı iki yolla açmaq olar, FİN, şəxsiyyət vəsiqəsi və mobil nömrə ilə video qeydiyyatdan keçib operatorun yoxlamasını gözləməklə və ya SİMA İmza ilə dərhal. Vergi kabineti mygov ID ilə açılmır, ora ASAN İmza və ya SİMA ilə girilir.

Vətəndaşlar da, sahibkarlar da mygov-a eyni hesabla girir. Bu hesabın bugünkü adı mygov ID-dir, əvvəl ASAN Login, sonra digital.login adlanırdı və Google-da hələ də köhnə adla axtarılır. Hesab açılandan sonra arayışlar my.gov.az-da, məhkəmə işləri e-məhkəmədə, işçilərin müqavilələri e-Sosialda eyni girişlə görünür. Sənədi imzalamaq üçün ayrıca vasitə lazımdır, ASAN İmza və ya SİMA. Sahibkarların ən çox çaşdığı yer də budur: vergi kabinetinin giriş səhifəsində mygov ID düyməsi ümumiyyətlə yoxdur.
Mündəricat
- mygov nədir və mygov ID ondan nə ilə fərqlənir?
- ASAN Login niyə mygov ID oldu?
- mygov qeydiyyatdan keçmək üçün nə lazımdır?
- Video qeydiyyat, yoxsa SİMA: hesab necə açılır?
- mygov giriş səhifəsində bu gün yeddi yol var
- Sahibkar hansı portala hansı girişlə daxil olur?
- mygov tətbiqi haradan yüklənir və telefonda necə girilir?
- Qeydiyyat və girişdə nə ilişir?
- mygov qaynar xətti və başqa nömrələr
mygov nədir və mygov ID ondan nə ilə fərqlənir?
mygov dövlət xidmətlərinin vahid platformasıdır, my.gov.az saytı və eyni adlı mobil tətbiq kimi işləyir. Onu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) idarə edir. Platformanın kömək bölməsində yazılıb ki, orada 26 sənəd kateqoriyası üzrə məlumat almaq olar.
mygov şəxsi kabinetində əsas bölmə Məlumatlarımdır. Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu və nikah haqqında şəhadətnamə orada kart kimi görünür, qalan sənədlər siyahıdadır. Hər məlumatı PDF kimi yükləmək olur, QR kodla paylaşmaq yalnız tətbiqdə mümkündür. Xidmətlər qurumlara və həyat hadisələrinə görə qruplaşdırılıb.
Kabinetdə sahibkarlara aid bir hissə də var. İstifadə şərtlərinin mygov əlavəsinə əsasən, sahibkarlıq subyektləri fərdi məlumatlarınızı Digital Finance sisteminin Rəqəmsal razılıq altsistemi ilə sorğulayanda həmin razılıqları burada idarə edirsiniz və sorğulanan məlumatları görürsünüz.
mygov ID giriş sistemidir və mygovid.gov.az ünvanında yerləşir. Onunla mygov kabinetinə, e-Sosiala, gömrük portalına, eləcə də tərəfdaş siyahısında görünən bank və sığorta şirkətlərinin saytlarına girilir. Sistemin istifadə şərtlərində ayrıca deyilir ki, mygov ID vahid giriş mexanizmidir və «elektron imza xidmətlərini əvəz etmir». Başqa sözlə, hesab sizi tanıyır, adınızdan sənəd imzalamır.
Axtarışda mygov az qeydiyyat və ya mygov az login yazanlar da sonda eyni hesaba gəlir, çünki mygov portalının ayrıca qeydiyyatı yoxdur və kömək bölməsi kabinetə mygov ID ilə daxil olmağı yazır.
ASAN Login niyə mygov ID oldu?
ASAN Login dövlət saytlarına bir şifrə ilə girmək üçün yaradılmışdı. 2021-ci ilin iyununda AZERTAC sistemi idarə edən E-GOV İnkişaf Mərkəzinə istinadla yazırdı ki, istifadəçilərin sayı 2 milyonu keçib, sistemə 28 qurum və təxminən 60 informasiya sistemi qoşulub. Sonrakı illərdə platforma digital.login adı ilə işlədi.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 28 oktyabr 2025-ci ildə elan etdi ki, digital.login mygov tətbiqinə inteqrasiya olunub və bundan sonra mygov ID adı ilə işləyir. Eyni açıqlamada QR kodla giriş və tətbiqdəki mygov ID ilə daxil olma düyməsi yeni imkanlar kimi göstərilib. Nazirlik o zaman 240-dan çox qurumun sistemindən, 4.8 milyon istifadəçidən və ayda orta hesabla 9 milyondan çox əməliyyatdan danışırdı.
Köhnə ünvanlar bu gün də açılır, sadəcə sizi yeni sayta ötürür. 16 noyabrda yoxladıq: asanlogin.my.gov.az və digital.login.gov.az mygovid.gov.az-a, e-gov.az da my.gov.az-a yönləndirir. Buna görə asan login gov az, e gov az asan login və ya asan login my gov az qeydiyyat yazıb gələnlər eyni giriş səhifəsini görür.
Ayrıca ASAN Login tətbiqi və saytı artıq yoxdur. ASAN Login qeydiyyatdan keçmək istəyənlər mygov ID-də hesab açır, ASAN Login yüklə axtarışının cavabı isə mygov tətbiqidir.
Həmin gün mygovid.gov.az-ın ana səhifəsindəki sayğac 157 tərəfdaş, 6,261,151 istifadəçi və 398 inteqrasiya olunmuş sistem göstərirdi. Eyni saytın başlığında 200-dən çox sistemə giriş vəd olunur, sual-cavab bölməsi də 150-dən çox sistemdən danışır. Hansı mətnin daha təzə olduğunu sayt demir, biz sayğacı əsas götürdük. Onunla müqayisədə 2021-dən bəri istifadəçilər üç dəfədən, sistemlər altı dəfədən çox artıb.
mygov qeydiyyatdan keçmək üçün nə lazımdır?
- Aktiv şəxsiyyət vəsiqəsi əlinizdə olmalıdır. Vəsiqə itdiyi üçün dəyişdirməyə verilibsə və köhnəsi sonra tapılıbsa, qeydiyyat yenə yeni vəsiqə ilə aparılır.
- Mobil nömrə mütləqdir, telefonu olmayan adam hesab aça bilmir. Nömrənin sizin adınıza olması şərt deyil.
- Video qeydiyyat üçün kameralı cihaz və brauzer lazımdır. Sual-cavab bölməsi Safari-də çətinlik yarana biləcəyini yazır və Google Chrome, Mozilla, Opera kimi brauzerləri tövsiyə edir.
Bir nəfərin iki hesabı ola bilməz, istifadə şərtləri eyni şəxs üzrə dublikat hesab yaratmağı qadağan edir (4.5-ci bənd). ASAN Login və ya digital.login dövründə açılmış hesablar platforma ilə birlikdə mygov ID-yə keçib. Belə hesabı olanlar üçün mygov qeydiyyatı yenidən lazım deyil, köhnə hesabın şifrəsini bərpa etmək kifayətdir.
Video qeydiyyat, yoxsa SİMA: hesab necə açılır?

mygov ID-də hesab açmağın iki yolu var. Video müraciəti operator yoxlayır və cavab gözlənilir, SİMA İmza ilə açılan hesab isə həmin an işləyir.
Video qeydiyyat (FİN ilə)
Köhnə adla ASAN Login video qeydiyyat kimi axtarılan yol budur və beş addımdan ibarətdir.
- mygovid.gov.az-da Daxil olun düyməsini basın. Açılan səhifə əvvəlcə mygov tətbiqi üçün QR kod göstərir, Digər üsullar bölməsinə keçib İdentifikasiya nömrəsi ilə yolunu seçin.
- FİN və şifrə sahələrinin altında Qeydiyyatdan keçin keçidi var.
- Keçiddən sonra mygov və mygov ID-nin məxfilik bəyannaməsi və istifadə şərtləri açılır. Onları oxuyub qəbul edəndən sonra videoqeydiyyat başlayır.
- Video zamanı şəxsiyyət vəsiqəsi yanınızda olmalıdır. Video yüklənmirsə, sual-cavab bölməsi bir az gözləyib Davam et düyməsini yenidən basmağı məsləhət görür, çünki problem çox vaxt internetin sürətindən və ya müraciətlərin çoxluğundan yaranır.
- Müraciəti sistem operatoru yoxlayır, nəticə yazdığınız nömrəyə gəlir. İmtina gəlsə, yenidən müraciət etmək olar.
Gözləmə müddəti iki rəsmi səhifədə fərqli yazılıb. mygovid.gov.az-ın sual-cavabında 1 iş günü, my.gov.az-ın kömək bölməsində 5 iş günü göstərilir. Sonuncu səhifənin altında son yenilənmə tarixi 12.03.2025 qeyd olunub.
SİMA İmza ilə dərhal
Cavabı gözləmək istəməyənlərə mygovid.gov.az-ın özü SİMA Rəqəmsal İmza ilə qeydiyyatı təklif edir. Köhnə adla axtaranlar bunu ASAN Login SİMA qeydiyyat kimi tanıyır. Telefonda SİMA tətbiqi açılır, Skan et düyməsi basılır və mygov ID səhifəsindəki QR kod oxudulur. Şəxsiyyəti SİMA özü üz tanıma ilə təsdiqləyib, buna görə operatorun videoya baxmasına ehtiyac qalmır.
Tətbiqin yüklənməsi və imzanın alınması SİMA İmza bələdçisində ayrıca yazılıb. ASAN İmzası olanlar giriş səhifəsində birbaşa Asan İmza ilə düyməsini seçir. Mobil nömrə və İstifadəçi ID yazılır, telefona gələn sorğudakı yoxlama kodu ekrandakı kodla tutuşdurulur və PIN1 daxil edilir.
Sahibkarlara SİMA yolunu məsləhət görürük. Video ilə açılan FİN-şifrə hesabı mygov kabineti üçün kifayətdir, lakin vergi kabinetinə girmək və məhkəməyə iddia göndərmək üçün onsuz da imza lazım olacaq. SİMA-nı bir dəfə alan sahibkar həm mygov ID hesabını dərhal açır, həm də bu iki portala eyni imza ilə girir.
mygov giriş səhifəsində bu gün yeddi yol var
Axtarışa mygov login və ya ASAN Login giriş yazanların hamısı nəticədə eyni səhifəyə düşür. Bu yazı üçün mygovid.gov.az-ın giriş səhifəsini açıb seçimləri saydıq. Sual-cavab bölməsi 5 giriş üsulu yazır, ekranda isə 7 seçim çıxdı:
- QR kod, yəni mygov mobil tətbiqi ilə giriş, səhifə ilk bunu göstərir;
- SİMA İmza;
- Asan İmza;
- SİMA Token (Elektron İmza);
- identifikasiya nömrəsi, yəni FİN və şifrə, eyni pəncərədə şifrəsiz giriş üçün ayrıca düymə də var;
- BSXM Elektron İmza;
- xarici vətəndaşlar üçün ziyarətçi hesabı.
my.gov.az-da mygov daxil ol düyməsini basan istifadəçilər də bu siyahıya gəlir.
FİN və şifrə ilə girənlər iki faktorlu təsdiqləməni kabinetin Təhlükəsizlik bölməsində özləri yandırır: Google Authenticator və ya Microsoft Authenticator kimi tətbiqlə ekrandakı QR kod oxudulur. Yandırmazdan əvvəl verilən bərpa kodlarını saxlamayan adam telefonu itirəndə hesaba ancaq imza ilə girə bilir.
Sahibkar hansı portala hansı girişlə daxil olur?

Sahibkarların gündəlik portalları mygov ID-yə eyni dərəcədə bağlı deyil. Aşağıdakı cədvəli giriş səhifələrinin özündən yığdıq.
| Portal | Nə üçün lazımdır | Giriş səhifəsində nə var | mygov ID-nin yeri |
|---|---|---|---|
| İnternet Vergi İdarəsi (new.e-taxes.gov.az) | bəyannamə, vergi borcu, e-qaimə | Asan İmza, SİMA Token, SİMA İmza, şəxsiyyət vəsiqəsi, kod və parol | düymə yoxdur |
| e-Məhkəmə (e-mehkeme.gov.az) | işin gedişi, iddia ərizəsi, şikayət | mygov ID, ASAN İmza, E-imza, SİMA | var, yalnız iş axtarışı və sənədlərlə tanışlıq üçün |
| e-Sosial (e-social.gov.az) | əmək müqaviləsi bildirişi, arayışlar, özünüməşğulluq | Daxil ol düyməsi mygov ID səhifəsini açır | əsas giriş |
| e-Customs (e.customs.gov.az) və Smart Customs | bağlama bəyannaməsi, xarici ticarət | Elektron imza tabında mygov ID, Asan İmza, SİMA; ayrıca telefon nömrəsi və şifrə tabı, daşıyıcılar üçün tab | üç imza yolundan biri |
| mygov (my.gov.az) | arayışlar, online etibarnamə | mygov ID | əsas giriş |
Mənbə: portalların giriş səhifələri, 16 noyabr 2026.
Vergi kabinetində mygov ID-nin olmaması təsadüf deyil. Dövlət Vergi Xidməti 2025-ci ilin iyulunda açıqlayıb ki, kiberdələduzluq halları artdığına görə ödəyicilər elektron kabinetə yalnız gücləndirilmiş elektron imza ilə daxil ola bilər, kod və parol muzdlu işçisi olmayan bir neçə qrupa saxlanılıb. Kabinetə girmədən borcu görməyin yolları vergi borcunu yoxlamaq haqqında yazıdadır. Girişin fəaliyyətinizə aid qaydasını 195-1-də dəqiqləşdirin.
«FİN və şifrə ilə hər yerə girirəm, imza nəyimə lazımdır?» sualına ən aydın cavabı e-Məhkəmə verir. e mehkeme asan login axtarışı ilə gələnlər giriş səhifəsində dörd tab görür və birincisi mygov ID-dir. Səhifənin altındakı imkanlar siyahısı tab dəyişəndə dəyişir.
mygov ID seçiləndə beş imkandan ikisi işarəli qalır, mövcud işlər üzrə axtarış və məhkəmə sənədləri ilə tanışlıq. Əlavə sənəd, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti göndərmək qarşısında xaç işarəsi çıxır. ASAN İmza tabında beşi də açıqdır.
e-Sosialda vəziyyət əksinədir və mygov ID burada əsas qapıdır. e sosial asan login və ya e sosial az asan login yazanlar köhnə e-sosial.az ünvanına düşür, o da e-social.gov.az-a yönləndirir, oradakı Daxil ol düyməsi mygov ID səhifəsini açır. Özünüməşğulluq proqramına müraciət də bu qapıdan keçir, proqramın sonrakı mərhələləri özünüməşğulluq haqqında yazıda verilib. İşəgötürənlərin ƏMAS-dakı öhdəlikləri Əmək Məcəlləsinin xülasəsində sadalanıb.
Gömrükdə qayda 1 iyun 2026-da dəyişib. Report.az həmin gün yazdı ki, Smart Customs-da elektron ticarət bəyannaməsinə FİN və şifrə ilə giriş bağlanıb və istifadəçilər üç elektron identifikasiya üsulundan birini seçməlidir. e-Customs portalının Elektron imza tabında məhz üç yol durur, mygov ID, Asan İmza və SİMA. Smart Customs ASAN Login kimi köhnə adla axtarılan giriş də budur. Portalda ayrıca telefon nömrəsi və şifrə tabı qalıb, ancaq səhifə onun hansı xidmətlərə aid olduğunu yazmır.
Online etibarnamə mygov tətbiqində də verilir. İRİA 2025-ci ilin fevralında nəqliyyat vasitəsindən istifadə və ona sərəncam, qurumlarda təmsilçilik etibarnamələrini və etibarnaməyə xitamı platformaya əlavə etdi, hər xidmət video yoxlama və ödənişlə gedir. Kağız variantın mətni etibarnamə nümunəsində var.
Şirkət adından işləyən direktorlar və mühasiblər də əvvəlcə öz şəxsi mygov ID hesabları ilə girir. İstifadə şərtlərinə əsasən nümayəndə hüquqi şəxs üzrə təsdiqlənmiş rol daxilində işləyir, bu səlahiyyət müddətli olur, məhdudlaşdırıla və geri çağırıla bilir (Əlavə 2, 2.4.1). Şirkət açmaq üçün də əvvəl təsisçinin öz elektron imzası lazımdır.
mygov ID-nin tərəfdaşlar lentində KOBİA, E-satınalma, E-agro və Asan növbə də görünür. KOBİA-nın elektron xidmətlərinə hansı imza ilə girildiyi KOB evləri haqqında yazıda göstərilib.
mygov tətbiqi haradan yüklənir və telefonda necə girilir?
mygov tətbiqi Google Play və App Store-dadır, my.gov.az-ın alt hissəsindəki iki keçid də bu mağazalara aparır. Axtarışda bunu çox vaxt mygov yukle və ya mygov az yukle kimi yazırlar. İstifadə şərtləri tətbiqi yalnız bu iki rəsmi mağazadan yükləməyi və naşirin İRİA olduğunu yoxlamağı tövsiyə edir.
Tətbiqə ilk dəfə mygov ID ilə girilir, sonra barmaq izi, üz tanıma və ya özünüzün təyin etdiyiniz mygov şifrəsi işləyir. Hesab eyni anda yalnız bir cihazda açıq qala bilir. Başqa telefonda daxil olanda əvvəlki cihazdakı sessiya bağlanır. Kompüterdə isə mygov ID səhifəsindəki QR kodu tətbiqin aşağısındakı QR skan düyməsi ilə oxutmaq olar, şifrə yazmağa ehtiyac qalmır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 may 2026-da elan edib ki, e-Sosial mobil tətbiqi mygov-a tam inteqrasiya olunduğu üçün bağlanır. Nazirliyin rəqəmsal xidmətləri telefonda indi yalnız mygov tətbiqi ilə göstərilir, kompüterdə e-social.gov.az saytı işləyir.
Qeydiyyat və girişdə nə ilişir?

ASAN Login qeydiyyat problemi kimi axtarılan xətaların çoxuna mygovid.gov.az-ın sual-cavab bölməsi hazır cavab verir. Ən çox rast gəlinənləri bir cədvələ yığdıq.
| Nə baş verir | Rəsmi cavab |
|---|---|
| Təsdiqləmə kodu gəlmir | nömrədə aktiv şəbəkə olduğunu yoxlayın, sonra mobil operatora müraciət edin; təkrar alınmırsa, digital.gov.az/az/contact səhifəsindən yazın |
| Qeydiyyatda «Bu nömrə sistemdə artıq mövcuddur» çıxır, halbuki hesab açmamısınız | başqa nömrə ilə qeydiyyatdan keçin, nömrə başqasının adına ola bilər |
| Şifrə yadda deyil | İdentifikasiya nömrəsi ilə bölməsində şifrəni unutduğunuzu bildirin, FİN və kabinetdəki nömrəni yazın, gələn kodla yeni şifrə təyin edin |
| Şifrə yadda deyil, qeydiyyatdakı nömrə də əlçatan deyil | həmin pəncərədə Video vasitəsilə mobil nömrə əlavə et düyməsi ilə yeni nömrə əlavə edin |
| Video qeydiyyatda tanışın nömrəsi yazılıb | kabinetə girib Mobil nömrələr bölməsində nömrəni silin və ya dəyişin |
| Səhv video göndərilib | cavabı gözləyin, imtina gəlsə yenidən müraciət edin |
| Telefon itib, iki faktorlu təsdiqləmənin bərpa kodları yoxdur | SİMA, ASAN İmza, SİMA Token və ya BSXM imzası ilə girin və Təhlükəsizlik bölməsində bərpa kodlarını yeniləyin |
| Müraciətin statusu bilinmir, yazdığınız nömrə işləmir | digital.gov.az/az/contact səhifəsindən müraciət göndərin |
Mənbə: mygovid.gov.az, tez-tez verilən suallar bölməsi.
Ayrıca risk saxta saytlardır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT mərkəzi 2026-cı ilin yanvarında mygov portalını təqlid edən bir neçə fişinq domeni aşkarladığını bildirdi. Həmin saytlar sosial şəbəkələrdə və messencerlərdə ünvanlı dövlət sosial yardımı barədə yalan yayırdı, məqsəd şəxsiyyət vəsiqəsi məlumatlarını, hesab girişlərini və bank kartı rekvizitlərini toplamaq idi. Domenlər ölkə üzrə bloklanıb və Blacklist.gov.az platformasında dərc olunub.
Rəsmi saytların ünvanı .gov.az ilə bitir, mygovid.gov.az bunu hər səhifənin yuxarısında xatırladır.
mygov qaynar xətti və başqa nömrələr
my.gov.az-ın əlaqə səhifəsində qısa nömrə 883 verilib, amma hesabın özü, məhkəmə və vergi kabineti üzrə suallara başqa xətlər cavab verir.
- mygov: 883, şəhər nömrəsi +994-12-565-68-83, həftəiçi 09:00–18:00, saytda əlaqə forması (my.gov.az/contact-us);
- mygov ID: +994-12-310-14-00, mygovid.gov.az-dakı əlaqə forması və info@idda.az (istifadə şərtlərinin 16.1-ci bəndi);
- e-Məhkəmə: 887, texniki məsələlər üzrə (giriş səhifəsi);
- vergi kabineti: 195-1 (İnternet Vergi İdarəsinin giriş səhifəsi);
- e-Sosial: 142 (nazirliyin 1 may 2026 elanı).
Dövlət portallarında giriş qaydası bu il iki dəfə dəyişdi, mayda e-Sosial tətbiqində, iyunda Smart Customs-da. Növbəti belə dəyişikliyi sahibkarın kabinetinə nə təsir etdiyi ilə birlikdə AZERBUSINESS bülleteninə abunə olanlara qısa məktubla göndəririk.
Hesabın əsası
- İstifadəçi sayının artımı: 16 noyabr 2026 sayğacındakı istifadəçilər 2021-ci ilin iyunundakı 2 milyona bölünür, 6,261,151 ÷ 2,000,000 ≈ 3.1.
- Sistemlərin sayının artımı: sayğacdakı 398 inteqrasiya olunmuş sistem 2021-dəki təxminən 60 sistemə bölünür, 398 ÷ 60 ≈ 6.6.
Tez-tez verilən suallar
mygov-dan yüklənən PDF arayışı başqa quruma təqdim etmək olarmı?
Olar. mygov-un kömək bölməsində yazılıb ki, PDF-in üzərindəki QR kod məlumatın ilkin mənbəyində dəyişiklik olana qədər etibarlıdır. Sənədi qəbul edən tərəf onun həqiqiliyini pulsuz mygov Checker tətbiqində Skan et düyməsi ilə yoxlayır.
16 yaşından kiçik uşaq üçün mygov ID açmaq olarmı?
Uşağın adından əməliyyatları 16 yaşadək valideyn, qəyyum və ya himayəçi nümayəndəlik səlahiyyəti ilə aparır. 16–18 yaş arası istifadəçilər sistemdən ümumi qaydada istifadə edir, yüksək riskli əməliyyatlarda isə valideyn təsdiqi istənə bilər (istifadə şərtlərinin 7.2-ci bəndi).
Giriş açarı (passkey) necə yaradılır və neçə dənə ola bilər?
mygov ID profilində giriş açarı alt bölməsində Yeni düyməsi basılır, açara ad verilir və telefon və ya kompüter barmaq izi, üz tanıma kimi öz təsdiq üsulunu təklif edir. Bir hesabda 5 açar ola bilər, bir cihaza bir açar düşür, lazım olmayanı istənilən vaxt silmək olur.
mygov ID məlumatlarımı kimlərlə paylaşır və bunu dayandırmaq olarmı?
Məlumatlar verdiyiniz razılığa əsasən ötürülür. mygov ID profilində məlumatlarınızı alan sistemlərin siyahısı və hər birinə nə getdiyi görünür, məsələn, ad, soyad, FİN və əlaqə məlumatları. İcazəni istənilən vaxt həmin siyahıdan geri götürmək olar.
Mənbələr
- mygov ID: ana səhifə, giriş səhifəsi və «Tez-tez verilən suallar» (16.11.2026)
- mygov və mygov ID: Məxfilik Bəyannaməsi və Vahid istifadə şərtləri (22.04.2026-dan qüvvədə)
- mygov: Kömək və dəstək, «Tez-tez verilən suallar»
- mygov: Əlaqə (883)
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: digital.login mygov ID kimi davam edir, 28.10.2025
- AZERTAC: ASAN Login istifadəçilərinin sayı 2 milyonu keçib, 21.06.2021
- Dövlət Vergi Xidməti: elektron kabinetə gücləndirilmiş elektron imza ilə giriş, 04.07.2025
- e-Məhkəmə: şəxsi kabinetə giriş səhifəsi
- Dövlət Gömrük Komitəsi: e-Customs portalına giriş
- Report.az: Smart Customs-da yeni giriş qaydası, 01.06.2026
- ƏƏSMN: e-Sosial mobil tətbiqi mygov-a inteqrasiya ilə bağlandı, 01.05.2026
- İRİA: notariat xidmətləri mygov-da, 24.02.2025
- CERT.gov.az: mygov-u təqlid edən saxta saytlar barədə xəbərdarlıq, 14.01.2026
Material məlumat xarakterlidir və investisiya və ya hüquqi məsləhət deyil; 100% nəticəyə zəmanət vermir — qərarı öz araşdırmanız əsasında verin. İstifadə şərtləri