“Azercell” Gəncə və Xankəndidə 100 müəllimə süni intellekt təlimi keçib
“Süni İntellektlə Müasir Məktəb” layihəsi çərçivəsində 18 məktəbdən 100 müəllim süni intellekt alətləri ilə tanış olub.

“Süni İntellektlə Müasir Məktəb” (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları keçirilib. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Bu barədə AZƏRTAC məlumat verib.
Layihəyə müəllimlərin marağı ilkin hədəfi üstələyib: təlimlərdən faydalanan iştirakçıların sayı nəzərdə tutulandan iki dəfə çox olub.
Sessiyalar Azərbaycan, ingilis və rus dillərində keçirilib və süni intellektin tədris prosesində tətbiqinə həsr olunub. Müəllimlər dərs planlarının və tədris materiallarının hazırlanmasında istifadə edə biləcəkləri alətlərlə tanış olub, onların imkanlarını real tapşırıqlar üzərində sınaqdan keçiriblər. İştirakçılar “Gemini Gems” platformasında fərdi süni intellekt köməkçiləri yaratmağı da öyrəniblər.
Təlim proqramında süni intellektin yaratdığı məzmunun dəqiqliyinin qiymətləndirilməsi, bunun üçün istifadə olunan alətlərin imkan və məhdudiyyətləri müzakirə edilib. Belə yanaşma müəllimlərdə süni intellektdən texnoloji vasitə kimi deyil, tənqidi düşüncə və peşəkar qiymətləndirmə resursu kimi istifadə bacarığını inkişaf etdirməyə yönəlib.
SIMM layihəsi növbəti mərhələlər üzrə davam edir. Müəllimdən-müəllimə bilik və təcrübə mübadiləsi modelinə əsaslanan yanaşma layihənin əhatəsini genişləndirməyi, pedaqoqlar arasında əməkdaşlığı gücləndirməyi və məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti yaratmağı hədəfləyir.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri