SOCAR və bp AÇG-də neftvermə əmsalını 40%-dən yuxarı gözləyir
SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib ki, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda yekun neftvermə əmsalı 40%-dən çox olacaq.

SOCAR və bp “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda neft ehtiyatlarından maksimum istifadə üçün yeni texnologiyalar tətbiq edir. SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bunu jurnalistlər üçün “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” mövzusunda keçirilən məlumatlandırma sessiyasında deyib.
Hüseynovun sözlərinə görə, AÇG Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir və blokda hələ də milyardlarla barel hasil edilə biləcək neft var. Yataq artıq hasilatın pik mərhələsini geridə qoyub və təbii azalma dövrünü yaşayır. Onun sözlərinə görə, SOCAR qarşısında duran əsas vəzifə bu yatağın potensialından maksimum istifadə etməkdir.
Vitse-prezident bildirib ki, SOCAR və bp-nin birgə texniki qiymətləndirmələri nəticəsində yataqda neftin yekun çıxarılma əmsalının 40%-dən yuxarı səviyyəyə çatdırılması ilə bağlı ortaq mövqe formalaşıb. “Nəticədə bu göstəricinin 40 faizdən yüksək olacağı qənaətinə gəldik. Neft yataqları üçün belə bir göstərici dünya miqyasında olduqca yüksək hesab olunur”, — deyə o əlavə edib.
Hüseynov qeyd edib ki, yatağın gələcək inkişafı ilə bağlı layihələrin müəyyənləşdirilməsində ilkin mərhələdə iqtisadi deyil, texniki imkanlara üstünlük verilib. SOCAR əvvəlcə müstəqil texniki qiymətləndirmə aparıb, sonra bp ilə birlikdə bütün potensial layihələri nəzərdən keçirib. Məqsəd AÇG yataqlar blokunun uzunmüddətli hasilat potensialından maksimum yararlanmaq və ehtiyatların səmərəli işlənməsini təmin etməkdir.
Tarixçə
Azəri-Çıraq-Günəşli 2 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri