Azərbaycan startapı 10 min kameranın görüntüsünü təhlil edən həll təqdim edib
«BİRainy» startapı II Süni İntellekt Sammitində iki məhsulunu göstərib: oflayn işləyən platforma və eyni vaxtda 10 minədək kameranın görüntüsünü analiz edən həll.

Azərbaycanın «BİRainy» startapı II Süni İntellekt Sammitində süni intellekt əsaslı iki məhsulla çıxış edir. Şirkətin təsisçisi və rəhbəri Fuad Tağıyevin AZƏRTAC-a verdiyi məlumata görə, məhsullardan biri internet bağlantısı olmadan işləyən proqram təminatı, digəri isə eyni vaxtda 10 minədək kameradan daxil olan görüntüləri təhlil edən süni intellekt həllidir.
Sammitdə təqdim olunan sozly.ai Azərbaycanda hazırlanmış ilk tam oflayn, lokal serverlərdə və internetə qoşulmadan işləyən milli multimodal süni intellekt platformasıdır. Platforma həssas korporativ və dövlət məlumatlarının buluda sızmasının qarşısını almaq üçün B2B və B2G sektoruna yönəlib. Oflayn rejimdə səs yazılarının mətə çevrilməsi və səs analitikası mümkündür. Platformada 52 dildə, o cümlədən Azərbaycan dilində sənəd tərcüməsi də var.
Fuad Tağıyev bildirib ki, şirkətin ilk məhsulu olan «Seyrix» startapı artıq iki ildir bazardadır və tamamilə oflayn rejimdə fəaliyyət göstərir. Onun sözlərinə görə, internet bağlantısı olmadan işləmə qabiliyyətinə görə şirkət «NVIDIA Inception» proqramına seçilib və «NVIDIA» tərəfindən dəstək alıb.
Startapçı həmçinin qeyd edib ki, şirkət Davosda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün dünya üzrə müraciət edən layihələr arasından seçilərək 20 finalçı startap sırasına daxil olub. O, yanvar ayında Davosda öz məhsulları ilə iştirak etməyi gözlədiklərini deyib.
Şirkət rəhbəri ikinci məhsulun imkanlarına da toxunub: süni intellekt vasitəsilə görüntülər analiz olunur, mümkün problemlər, baş verən hadisələr və kameraların fəaliyyətindəki maneələr müəyyənləşdirilir. Bu, böyük həcmdə vizual məlumatların operativ emalına və müvafiq qərarların qəbuluna kömək edir. Fuad Tağıyevin sözlərinə görə, bu layihə artıq Azərbaycanda bir sıra böyük şirkətlərdə tətbiq olunur.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri