Mikrosahibkarlar üçün vergi məbləği 100% nəzərə alınacaq
Dövlət Vergi Xidməti mikrosahibkarların digər kateqoriyaya keçdikdə vergi yükünün azalması üçün yeni mexanizm təklif edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti növbəti ildən mikrosahibkarlıq subyektlərinin vergi yükünü tənzimləyən yeni mexanizmin tətbiqini təklif edir. Bu barədə qurumun Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev ATV-nin “İqtisadi zona” verilişində danışıb.
Onun sözlərinə görə, mikrosahibkarlıq subyektləri illik dövriyyəsi 200,000 manata qədər, işçilərinin sayı 10 nəfərə qədər olan sahibkarlardır. Qanunvericilikdə bu kateqoriya üçün vergi güzəştləri var. Lakin dövriyyə artdıqda və işçilərin sayına görə kiçik və ya orta sahibkarlıq meyarlarına uyğun gəldikdə, həmin güzəştlərdən yararlanmaq mümkün olmur, kateqoriyanın dəyişməsi ilə vergi yükü də artır.
Quliyev bildirib ki, məhz bu yükün tənzimlənməsi və mikrosahibkarların böyüməsinin təşviqi üçün yeni mexanizm təklif edilir. Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə, mikrosahibkarlıq subyekti olduğu əvvəlki dövrlərdə hesablanmış və ödənilmiş vergi məbləğləri sahibkar digər kateqoriyaya keçdikdən sonra yaranan vergi öhdəliklərindən 100% çıxılacaq.
Vergi rəsmisinin sözlərinə görə, nəticədə mikrosahibkarların böyüməsi və daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı yaranan vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılacaq. Qanun layihəsinin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

