Kiberdələduzlar Dövlət Yol Polisinin adından saxta SMS göndərir
Milli Kibertəhlükəsizlik Agentliyi son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı fişinq hücumlarının artdığını bildirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı fişinq hücumlarının artdığını müşahidə edir. Agentliyin AZƏRTAC-a verdiyi məlumata görə, kiberdələduzlar xarici nömrələrdən sürət həddinin aşılması barədə saxta SMS mesajları göndərir.
Mesajdakı keçidlər istifadəçini «ASAN Pay» elektron ödəniş portalının görünüşcə eynilə təqlid edilmiş saxta veb-səhifəsinə aparır. Həmin səhifədə əvvəlcə avtomobilin dövlət qeydiyyat nişanı soruşulur, sonra guya baş vermiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqətə uyğun olmayan məlumat göstərilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatlar daxil edilərsə, vətəndaşın bank hesabındakı vəsait mənimsənilə bilər.
Agentlik vətəndaşlara bir neçə qaydaya əməl etməyi tövsiyə edir:
- Dövlət qurumları ödəniş və cərimə bildirişlərini xarici nömrələrdən göndərmir.
- SMS və messencerlərlə gələn naməlum keçidlərə daxil olmayın, məlumat yazmazdan əvvəl saytın domenini yoxlayın.
- Cərimə və pozuntu barədə məlumatı yalnız rəsmi dövlət resurslarından və asanpay.az vasitəsilə yoxlayın.
- Kart məlumatlarını saxta səhifədə daxil etmisinizsə, dərhal bankla əlaqə saxlayıb kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.
Tarixçə
Milli Kibertəhlükəsizlik Agentliyi 1 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri