Bazar · 19:59
Xəbər · Şirkətlər

Ağdam Sənaye Parkında 130 min döşək istehsal edəcək müəssisə açılıb

Prezident İlham Əliyev «Komfy» MMC-nin ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.

Ağdam Sənaye Parkında 130 min döşək istehsal edəcək müəssisə açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin direktoru Fuad Nəcəfov dövlətimizin başçısına obyekt barədə məlumat verdi.

“Komfy” MMC Ağdam Sənaye Parkının rezidenti statusunu 2024-cü ildə alıb. Müəssisə ildə 130 min ədəd döşək istehsal etmək gücündədir. Burada müxtəlif ölçülü, konstruksiyalı və sərtlik dərəcəli döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Ölkədə ilk dəfə “roll-pack” formatında, yəni sıxılıb rulon şəklində qablaşdırılan döşəklər də məhz burada istehsal ediləcək. Belə qablaşdırma daşınma xərclərini azaldır və ixrac imkanlarını genişləndirir. Məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.

Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də hazırlayacaq. Burada 65 nəfər daimi işlə təmin ediləcək.

  • Layihənin ümumi dəyəri 2.5 milyon manatdır.
  • Maliyyələşdirmədə özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun dövlət zəmanəti ilə 700 min manat kredit vəsaiti istifadə olunub.
  • Rezident kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır.

Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Parkda 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375.5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192.6 milyon manatdır. Hazırda layihələr üzrə 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2.96 milyard manata, ixracın həcmi 132.6 milyon manata çatıb.

Tarixçə

Ağdam Sənaye Parkı 1 xəbər
  1. Ağdam Sənaye Parkında 11 milyon manatlıq yem zavodu qurulacaq

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər