Növbəti il daha 15 müəssisə rəqəmsal dəstək proqramına qəbul ediləcək
2027-ci ildə «Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək» proqramına daha 15 müəssisənin qəbulu nəzərdə tutulur, açıq elan artıq verilib.

2027-ci ildə “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına daha 15 müəssisənin qəbulu nəzərdə tutulur. Bununla bağlı açıq elan artıq verilib. Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov deyib.
Onun sözlərinə görə, 2025-ci il dekabrın 10-da “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” qəbul olunub. Strategiyanın başlıca mahiyyəti sahibkarlıq subyektlərinə texnoloji transformasiya yolunda müxtəlif alətlərlə dəstək verməkdir. Bu çərçivədə 50-dən çox təşəbbüsün növbəti üç ildə reallaşdırılması nəzərdə tutulub.
Bayramov bildirib ki, həmin təşəbbüslərdən biri də “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”dır. Proqrama cəlb olunmuş yerli və beynəlxalq ekspertlər müraciət edən yerli müəssisələrdə texnoloji transformasiyaya hazırlıqla bağlı diaqnostika aparır, yol xəritələri hazırlayır. Sonra həmin yol xəritələri biznes proseslərinin aktivləşdirilməsi, insan kapitalının inkişafı və texnologiyaların tətbiqi baxımından reallaşdırılır, onlara istiqamət verilir. Onun sözlərinə görə, əsas məsələlərdən biri yol xəritələrinin kağız üzərində qalmaması, real, praktiki fəaliyyətə çevrilməsidir. Bu istiqamətdə sahibkarlıq subyektlərinə müxtəlif dəstək təşəbbüsləri var: icra üçün ucuz kreditlər, Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən kreditlər, tətbiq mərhələsi boyunca yerli və beynəlxalq konsultantların dəstəyi.
4SİM-in icraçı direktorunun müavini vurğulayıb ki, başlıca məqsəd müəssisələrin texnologiyalara yatırdıqları investisiyaların qarşılığını real rəqəmlərdə görməsidir: məhsuldarlığın artımı, xərclərin azalması, rəqabət qabiliyyətinin artması. Strategiya çərçivəsində məqsəd qoyulub ki, proqramda iştirak edən müəssisələr tətbiqdən sonrakı üç il ərzində faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) rəqəmlərində, yəni gəlirlərində 5-8 faiz artım əldə etsinlər. Proqramın uğuru məhz bu ölçülə bilən nəticələrlə qiymətləndiriləcək.
2027-ci il üzrə daha çox emal sektoruna prioritet verilməklə növbəti 15 müəssisənin proqrama qəbulu üçün elan verilib. industry4.az internet səhifəsi üzərindən sadə müraciət formasını doldurmaqla, heç bir ödəniş tələb olunmadan proqramın iştirakçısı olmaq mümkündür. Bayramov deyib ki, beləliklə, müəssisələrin daxildə gedən texnoloji transformasiya prosesi xaotik və pərakəndə şəkildə deyil, strukturlu və vahid strateji baxış çərçivəsində aparılacaq.
Tarixçə
4SİM 1 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri