Bazar · 15:14
Xəbər · Bazar

BP: AÇG-dən üç rübdə gündəlik hasilat 320 min barel olub

BP-nin məlumatına görə, ilin ilk üç rübündə AÇG blokundan ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton neft çıxarılıb.

BP: AÇG-dən üç rübdə gündəlik hasilat 320 min barel olub

Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq və Dərinsulu Günəşli» (AÇG) yataqlar blokundan bu ilin üç rübü ərzində gündəlik hasilat orta hesabla 320 min barel olub. Blokun operatoru «BP-Azerbaijan» şirkətinin tərəfdaşlarla birgə yaydığı biznes məlumatına görə, üç rüb üzrə ümumi hasilat təxminən 87 milyon barel, yəni 12 milyon tondur.

Hasilatın platformalar üzrə bölgüsü belədir:

  • «Mərkəzi Azəri» — 84 min 600 barel;
  • «Qərbi Azəri» — 72 min barel;
  • «Dərinsulu Günəşli» — 46 min 700 barel;
  • «Şərqi Azəri» — 45 min 700 barel.

Qalan həcm «Mərkəzi-Şərqi Azəri» (ACE, 26 min 900 barel), «Qərbi Çıraq» (25 min 300 barel) və «Çıraq» (18 min 800 barel) platformalarından çıxarılıb.

BP-nin məlumatına görə, 2026-cı ilin ilk üç rübündə AÇG üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri, 1 milyard 88 milyon dollar əsaslı məsrəflər xərclənib. Sentyabrın sonunda blokda 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Hasilatın bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də, birgə istismar və hasilatın pay bölgüsünə dair yeni saziş isə 2017-ci il sentyabrın 14-də imzalanıb. Yeni saziş blokun 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də pay bölgüsü belədir: BP — 30.37%, SOCAR — 31.65%, MOL — 9.57%, INPEX — 9.31%, «ExxonMobil» — 6.79%, TPAO — 5.73%, ITOCHU — 3.65%, «ONGC Videsh Limited» (OVL) — 2.92%.

Tarixçə

AÇG 1 xəbər
  1. AÇG layihəsinə ilk 9 ayda 1 milyard 489 milyon dollar xərclənib

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər