Mingəçevirdən Nəvahiyə 235 km-lik 500 kV-luq xəttin çəkilişi başladı
AZURE layihəsinin ikinci mərhələsində Mingəçevir–Nəvahi istiqamətində 500 kilovoltluq ötürmə xəttinin tikintisinə start verilib.

Mingəçevirdən Nəvahi istiqamətinə 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilişi başlayıb. İşlər «Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi – AZURE» layihəsinin ikinci mərhələsi çərçivəsində aparılır. Bunu «AzərEnerji» ASC bildirir.
Ölkənin ən yüksək gərginlik sinfində inşa edilən xətt ötürmə imkanlarını genişləndirməli, yeni bərpa olunan enerji mənbələrinin vahid enerji sistemə təhlükəsiz və etibarlı qoşulmasını təmin etməlidir. Layihə həm də qərb, mərkəz və şərq regionlarını əhatə edən 500 kilovoltluq dairəvi enerji sxeminin formalaşdırılmasına xidmət edir. Enerjinin uzaq məsafələrə daha az itki ilə ötürülməsi, sistemdə tezlik və güc balansının tənzimlənməsi, enerji axınlarının çevik idarə olunması da bu xəttin vəzifələri sırasındadır.
AZURE-nin birinci mərhələsində «AzərEnerji»nin daxili imkanları və qismən dövlət büdcəsindən ayrılan vəsait hesabına 500/300 kilovoltluq «Nəvahi Yaşıl Enerji Qovşağı» yarımstansiyasının tikintisi başa çatıb. Ümumi uzunluğu 245 km-dən çox olan Nəvaidən Abşerona 500 kilovoltluq, «Biləsuvar» və «Bankə» günəş elektrik stansiyalarına isə 330 kilovoltluq ötürmə xətlərinin çəkilişi də yekunlaşıb. Bununla hər iki günəş stansiyasının vahid enerjisistemə qoşulması üçün infrastruktur hazırlanıb.
İkinci mərhələdə Dünya Bankının maliyyə dəstəyi ilə «Nəvahi Yaşıl Enerji Qovşağı» transformator və reaktorlarla təchiz olunacaq. Nəvahiyə Mingəçevir istiqamətində 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərində isə 330 kilovoltluq yeni xətlər çəkilməlidir. 330 kV-luq üç ötürmə xəttinin inşasına yaxın vaxtlarda başlanacaq.
Tarixçə
Azure 4 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri


