Bazar · 16:14
Xəbər · Şirkətlər

Əmək Məcəlləsinə dəyişiklik: saatlıq əməkhaqqı və elektron ödənişlər

Layihəyə əsasən, saatlıq əməkhaqqı bir aydan az müddətə bağlanan müqavilələrdə və həftəlik iş vaxtı 20 saat və ya ondan az olduqda tətbiq ediləcək.

Əmək Məcəlləsinə dəyişiklik: saatlıq əməkhaqqı və elektron ödənişlər

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində yer alıb. Report-un məlumatına görə, saatlıq əməkhaqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda, həmçinin həftəlik iş vaxtı 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunacaq. Büdcədən maliyyələşdirilən müəssisələrdə əməyin ödənilməsi sistemi bunu nəzərdə tutursa, saatlıq əməkhaqqına yol veriləcək.

Layihədə minimum həddlər də öz əksini tapıb. Natamam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan işçinin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz. Saatlıq əməkhaqqı müəyyən edilmiş işçinin hər iş saatına görə ödəniş minimum saatlıq əməkhaqqı məbləğindən az olmamalıdır. Gündəlik iş vaxtı 1 saatdan az olduqda da ödəniş minimum saatlıq əməkhaqqından aşağı düşə bilməz, növbəti iş saatı 1 saatdan az olduqda isə həmin müddət 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir. Minimum saatlıq əməkhaqqı minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək müəyyən edilməlidir.

Dəyişiklik əməkhaqqı ödənişlərinin elektronlaşmasını da nəzərdə tutur. İşçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi təklif olunur. Məqsəd əmək münasibətləri iştirakçılarının qanunvericiliyin tələblərinə riayət etməsini təmin etmək, əməkhaqlarının vaxtında və nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarət etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdır.

Layihəyə əsasən, əməyin ödənişi tam elektronlaşacaq, işəgötürənlərin uçot, hesablama və ödənişlə bağlı iş yükü azalacaq. Gələcəkdə əməyin ödənişi ilə bağlı gəlir vergisi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac qalmayacaq, rüblük bəyannamələr aylıq məlumatlarla əvəz olunacaq. Dövlət nəzarəti güclənəcək, elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq, MDSS haqları fərdi şəxsi hesablara avtomatik daxil ediləcək, ezamiyyə, məzuniyyət və əmək qabiliyyətinin itirilməsi hallarında orta aylıq əməkhaqqı avtomatik hesablanacaq, vətəndaşın öz gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.

Layihə əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunmasını da qadağan edir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal (xitam zamanı kompensasiyanın ödənilməsi) istisna olmaqla, Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir. Sənəddə məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi anlayışına aydınlıq gətirilir, bu hallar geniş və dəqiq təsbit olunur.

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər