İnvestisiya nədir: Azərbaycanda pulu harada saxlamaq
Manat və dollar əmanəti, istiqraz, Bakı Fond Birjası, qızıl, kripto və forex: bugünkü faizlər, ƏSF-in sığorta həddi, vergi və 5,000 ₼-ın bir illik hesabı.
İnvestisiya — pulu gəlir gətirə biləcək aktivə qoymaqdır. Əmanətdən fərqli olaraq burada gəlir əvvəlcədən zəmanətli olmur və pulun bir hissəsini itirmək mümkündür. Sentyabrda illik inflyasiya 5.5% olub, evdə saxlanan pul dəyər itirir. Ən aşağı risk sığortalı manat əmanətində və dövlət istiqrazındadır, səhm, qızıl, kriptovalyuta və forexdə isə risk artır.

Mərkəzi Bankın sentyabr 2026 statistik bülletenində ölkədə müddətli bank əmanəti olan 231.9 min adam göstərilir, fiziki şəxslərin əmanətlərinin 28.6%-i də xarici valyutadadır. Pulunu banka qoymayan ailələr onu evdə, qızılda, mənzildə və ya son illər çox reklam olunan onlayn platformalarda saxlayır.
Hansı yolun seçilməsi gəlir faizindən çox, pulun nə vaxt lazım olacağından asılıdır. Gələn ay kirayəyə gedəcək pulu səhmə qoyanlar riskə girir, çünki səhmin qiyməti elə həmin ay düşə bilər.
Mündəricat:
- İnvestisiya əmanətdən nə ilə fərqlənir?
- On alətin müqayisəsi: gəlir, qayıtma vaxtı, qoruma
- Bank bağlansa, əmanəti kim qaytarır?
- Faizdən, dividenddən və kirayədən hansı vergi tutulur?
- İstiqraz: dövlətə borc vermək əmanətdən sərfəlidirmi?
- Bakı Fond Birjasında səhm almaq
- Xarici broker və ETF haqqında Mərkəzi Bankın mövqeyi
- Qızıl və mənzil pulu inflyasiyadan qoruyurmu?
- Kriptovalyuta və forex niyə cədvəlin sonundadır?
- Saxta investisiya şirkətini necə tanımaq olar?
- 5,000 manat bir ildə: dörd alətdə hesab
- Pulu hansı ardıcıllıqla bölmək olar?
İnvestisiya əmanətdən nə ilə fərqlənir?
Gündəlik danışıqda investisiya nədir deyə soruşanlar çox vaxt bank əmanətini də nəzərdə tutur. Əmanətdə faiz müqavilədə yazılır və bank bağlansa, dövlətin yaratdığı fond müəyyən həddə qədər pulu qaytarır. Səhmdə, qızılda və kriptovalyutada gəlir əvvəlcədən bəlli olmur. Səhm ucuzlaşa, şirkət dividendi kəsə, qızıl bir il yerində saya bilər.
Daha çox qazanmaq şansı ilə itirmək ehtimalı həmişə birlikdə gəlir. Riski aşağı olub yüksək gəlir verən alət olsaydı, insanlar pullarını ora daşıyar, banklar da əmanət faizini ona çatdırmalı olardı.
Ona görə də hər aləti üç sualla yoxlamaq rahatdır. Ən pis halda nə qədər itirə bilərəm? Pul lazım olanda onu neçə günə geri alaram? İtirsəm, qaytaran kimdir, yoxsa belə qurum ümumiyyətlə yoxdur?
On alətin müqayisəsi: gəlir, qayıtma vaxtı, qoruma
| Alət | Bugünkü gəlir | Pulu geri almaq | Kim qoruyur | Risk |
|---|---|---|---|---|
| Manat müddətli əmanəti | fiziki şəxslərdə orta 9.89% illik | müddət bitəndə; tez götürmə şərti müqavilədədir | ƏSF, faiz həddi daxilində | aşağı |
| Dollar əmanəti | fiziki şəxslərdə orta 3.03% illik | müddət bitəndə | ƏSF, faiz həddi daxilində | aşağı, üstəgəl məzənnə |
| Dövlət istiqrazı (manat) | 3 illik buraxılışda 6.98–7.18% | birjada satmaqla | dövlətin borc öhdəliyi | aşağı |
| Korporativ istiqraz | emitentə görə, bir buraxılışda 15% | alıcı tapılanda | heç kim | orta və yüksək |
| Bakı Fond Birjasında səhm | dividend və qiymət dəyişməsi | alıcı tapılanda | heç kim | yüksək |
| Xarici səhm və ETF | bazar gəliri, dollarla | bir neçə iş günü | yerli tənzimləyici, vasitəçi AMB lisenziyalıdırsa | yüksək |
| Qızıl | manatla son üç ildə +38.3%, +45.4%, +1.4% | bankda və ya zərgərdə, endirimlə | heç kim | orta və yüksək |
| Mənzil | kirayə və qiymət artımı | aylarla | heç kim | orta, satmaq çətin |
| Kriptovalyuta | proqnozlaşdırılmır | platforma işləyirsə, dəqiqələrlə | heç kim | çox yüksək |
| Forex və CFD | Avropada pərakəndə hesabların 74–89%-i zərər edib | dərhal, zərər də | xarici lisenziya ölkədə keçmir | çox yüksək |
Mənbə: AMB statistik bülleteni (sentyabr 2026; əmanət faizləri 1 oktyabra, istiqraz hərracları sentyabra), ƏSF, AMB-nin rəsmi qızıl qiyməti (hər il noyabrın 6-sı), Bakı Fond Birjası, ESMA (2018).
Risk sütunu ölçü deyil, redaksiyanın təxmini sıralamasıdır. Eyni alətin içində də fərqlər böyükdür: iri bankın səhmi ilə birjaya yenicə çıxmış kiçik şirkətin səhmi cədvəldə bir sətirdə dursa da, riskləri eyni deyil.
Gəlirin real dəyəri inflyasiyadan sonra görünür. Mərkəzi Bank oktyabrın 29-da uçot dərəcəsini 6.5%-də saxlayanda yazdı ki, sentyabrda 12 aylıq inflyasiya 5.5% olub. Bankın baza ssenarisi 2026 və 2027-ci illərin sonuna 5.9% inflyasiya gözləyir. Manat əmanətinin orta faizi bu səviyyəni keçir, dollar əmanətininki inflyasiyanın yarısından bir az artıqdır.
Faiz fərqi uzun müddətdə böyüyür. Maliyyəçilərin 72 qaydası ilə hesablasaq, faizi yenidən əmanətə qoyulan və ildə 9.89% gətirən pul təxminən 7 ilə, 3.03% gətirən pul isə 24 ilə ikiqat olur. Vergi və inflyasiya bu hesaba daxil deyil, ancaq sıranı dəyişmir.
Bank bağlansa, əmanəti kim qaytarır?

«Bank bağlansa, pulum gedəcək?» sualına yaxın tarixdən cavab var. Mərkəzi Bank 2023-cü il oktyabrın 19-da «Muğan Bank»ın lisenziyasını ləğv etdi. Qərarın səbəbləri arasında kapitalın minimum həddən az olması və kapital adekvatlığının 3%-dən aşağı düşməsi göstərilmişdi.
Həmin rübün sonuna bankda sığortalanmış əmanətlər 216.7 milyon manat idi və Mərkəzi Bank əmanətçilərin say etibarilə 99.9%-inin kompensasiya alacağını bildirmişdi. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ödəniş hesabatı bu bank üzrə 7,714 əmanətçiyə 199.3 milyon manat ödənildiyini göstərir. Eyni hesabatda lisenziyası ləğv olunmuş «Atabank»ın 9,947 əmanətçisinə 257.8 milyon manat ödənişi də var.
Fond hər bankda bir əmanətçiyə 100,000 manata qədər ödəyir. Bu qorumanın faizlə bağlı şərti var. Manat əmanətinin illik faizi 12%-dən, dollar və avro əmanətininki 2.5%-dən çox olmamalıdır. Daha yüksək faizlə qəbul olunan əmanət qorunmayan əmanətlər sırasına keçir.
Valyuta əmanətlərində bu şərt praktik məsələyə çevrilir. Oktyabrın 1-nə fiziki şəxslərin valyutada müddətli əmanətlərinin orta faizi 3.03% idi, deməli, həddi keçən əmanətlər azlıq deyil. Bank dollar əmanətinə, məsələn, 3% təklif edirsə, əmanətçi əlavə yarım faiz qarşılığında sığortadan imtina etmiş olur.
Müqavilədə faizdən başqa erkən götürmə şərtinə, faizin hər ay ödənməsinə və ya əmanətin üstünə gəlməsinə (kapitalizasiya), bir də avtomatik uzadılmaya baxmaq lazımdır. Pul müddətdən tez götürüləndə bank faizi yenidən, daha aşağı dərəcə ilə hesablaya bilər. Avtomatik uzadılan əmanət o günün faizi ilə davam edir və yeni faiz sığorta həddini keçərsə, qorunma da itir.
Əmanətçilər manata tədricən qayıdır. Mərkəzi Bank oktyabrın 29-da qeyd edib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq sentyabrda 25.7%-ə enib. Həmin dövrdə manat əmanətinin orta faizi dollardakından üç dəfədən çox idi.
Hədd hər bank üzrə ayrıca hesablanır, ona görə 100,000 manatdan çox pul bir neçə bankda saxlananda hər bankdakı hissə ayrıca qorunur. Fondun üzv banklar reyestrində 21 bank var və sentyabrın sonunda ölkədə də 21 bank fəaliyyət göstərirdi. Bank olmayan kredit təşkilatları və kredit ittifaqları bu siyahıda yoxdur.
Faizdən, dividenddən və kirayədən hansı vergi tutulur?
2016-cı ildən yeddi il əmanət faizi gəlir vergisindən azad idi. Güzəşt 2023-cü il fevralın 1-də bitdi və banklar faizdən vergi tutmağa başladı. Həmin ilin dekabrında Vergi Məcəlləsinə iki yeni bənd əlavə olundu. Dövlət Vergi Xidmətinin 26 dekabr 2023 izahı göstərir ki, indi manat əmanətində vergi məbləğdən və müddətdən asılıdır.
| Gəlir | Vergi | Vergi Məcəlləsi |
|---|---|---|
| Manat əmanətinin aylıq faizi, 200 ₼-a qədər hissə (hər bankda ayrıca) | tutulmur, müddətsiz | 102.1.22-3 |
| Manat əmanəti 18 ay və daha uzun, pul 18 aydan tez götürülməyibsə | tutulmur, güzəşt 3 illikdir | 102.1.22-4 |
| Qalan faiz gəlirləri, o cümlədən valyuta əmanəti | 10%, bank tutur | 123.1 |
| Dividend | 5%, şirkət tutur | 122.1 |
| Kiçik şirkətin təsisçisinin dividendi: ƏDV qeydiyyatı yoxdur, uçot aparılır, 12 aylıq dövriyyə 200,000 ₼-a qədərdir | tutulmur | 102.1.22-1 |
| Kütləvi təklif olunmuş və birjada ticarətə buraxılmış səhm və istiqrazın dividendi, faizi, diskontu | tutulmur, 01.02.2023-dən 5 il | 102.1.22-2 |
| Yaşayış sahəsini fiziki şəxsə kirayə vermək | 10% | 124.1 |
Mənbə: Vergi Məcəlləsinin qüvvədə olan mətni, e-qanun.az, noyabr 2026.
18 aylıq güzəştin üç illik müddəti 2024-cü ilin əvvəlindən sayılır. Elə çıxır ki, 2027-ci ildə açılacaq uzun əmanətdə bu şərtin qüvvədə olub-olmadığını müqavilədən əvvəl bankda yenidən soruşmaq lazım gələcək.
Kriptovalyuta üçün Məcəllədə ayrıca dərəcə yoxdur. 2025-ci ilin aprel dəyişikliyi ilə virtual aktivlər qeyri-maddi aktivlərin tərifinə daxil edilib (13.2.9). Kripto satışından və xarici brokerdən gələn gəliri necə bəyan etməyi mühasib və ya maliyyə məsləhətçisi ilə dəqiqləşdirin, çünki cavab şəxsin statusundan və gəlirin mənbəyindən asılıdır. Biznesdən dividend çıxarmağın vergi tərəfi şirkət açmaq bələdçisində vergi rejimləri ilə birlikdə izah olunub.
İstiqraz: dövlətə borc vermək əmanətdən sərfəlidirmi?
İstiqraz alanlar dövlətə və ya şirkətə borc verir, razılaşdırılmış faizi (kuponu) alır və müddət bitəndə nominal məbləği geri götürür. AMB bülleteninin istiqraz cədvəlində Maliyyə Nazirliyinin sentyabrın 1-də üç illik manat istiqrazlarını orta ölçülmüş 6.98% gəlirliliklə yerləşdirdiyi görünür. Sentyabrın 29-da bu göstərici 7.18% olub, may ayında buraxılan on illik istiqrazın gəlirliliyi isə 7% idi.
Dövlət istiqrazının gəliri manat əmanətinin orta faizindən aşağıdır. Bunun qarşılığında dövlətin borcu bankınkından etibarlı sayılır və istiqrazda sığorta həddi kimi yuxarı sərhəd yoxdur. Böyük məbləği bir yerdə saxlamaq istəyən ailələr üçün bu, əmanətlə yanaşı ikinci dayaq ola bilər.
İstiqrazı müddət bitməmiş satmaq mümkündür, lakin onun qiyməti sabit qalmır. Bazarda faizlər qalxanda köhnə, aşağı kuponlu istiqraz ucuzlaşır, faizlər enəndə bahalaşır. Ödəmə tarixinədək saxlanan istiqrazda bu tərəddüd nəticəyə təsir etmir.
Korporativ istiqrazda faiz daha yüksəkdir, çünki şirkət dövlətdən riskli borcludur. Bakı Fond Birjasının ana səhifəsindəki yerləşdirmə siyahısında noyabrın 6-da yerləşdirilən yeddi illik bir buraxılışda kupon 15% idi. Belə kağızı ƏSF qorumur və emitent çətinliyə düşəndə istiqraz sahibləri digər kreditorlarla birlikdə növbəyə durur.
Birjada ipoteka istiqrazları da dövriyyədədir. Birjanın yanvar–oktyabr hesabatında onlarla bağlanan əqdlərin həcmi 908.4 milyon manatdır, BFB-nin xəbər lentində bu kağızların yerləşdirmə hərracları İpoteka və Kredit Zəmanət Fondunun adı ilə keçir.
Bakı Fond Birjasında səhm almaq

Bakı Fond Birjasının saytında 6 noyabr ticarət gününün yekununda listinqdə 38 şirkət göstərilirdi, onların səhmlərinin birlikdə bazar dəyəri təxminən 3.94 milyard manat idi. Listinqdə 404 istiqraz da var, həcmi 11.79 milyard manatdır. Birjanın yanvar–oktyabr hesabatında dövriyyə 37.14 milyard manatdır və bunun təxminən 77%-i banklar arasındakı repo əməliyyatlarıdır. Səhm əqdləri ilkin və təkrar bazarda birlikdə 1.46 milyard manat edib.
Səhm nə deməkdir və dividend haradan gəlir?
Səhm şirkətin kapitalındakı paydır. Səhmdarlar yığıncağı mənfəəti bölməyə qərar verəndə səhm sahibləri dividend alır, belə qərar olmayan ildə dividend də olmur. İkinci gəlir mənbəyi qiymət fərqidir, yəni səhmi alınan qiymətdən baha satmaq. Səhmin növlərini və dividendin hesablanmasını səhmlər və dividendlər haqqında köhnə bələdçimiz ayrıca açır.
2026-cı ilin yazında PAŞA Bank kapitalının 5%-ini, yəni 932,926 səhmi kütləvi təklifə çıxardı, ilkin yerləşdirmə qiyməti 55 manat idi. Abunə aprelin 13-də başladı və abunə müddətində ödənilən məbləğə illik 5% faiz hesablanırdı. Bank mayın 12-də müddəti iyunun 12-dək uzadanda təxminən 12,000 müraciət gəldiyini açıqladı.
Birjanın 6 noyabr kotirovkalarında bu səhm üçün alış təklifləri 50–52 manat idi. Bu, baş tutmuş əqdin qiyməti deyil, alıcıların təklifidir. Bununla belə, həmin alıcılar səhmi IPO-dakı 55 manatdan ucuz almağa hazır idi.
Səhmi birjada birbaşa almaq olmur. Əmri Mərkəzi Bankın lisenziyası olan investisiya şirkəti və ya investisiya xidməti göstərən bank verir. Səhmlərə sahiblik mərkəzi depozitarda uçota alınır. Mərkəzi Bankın investisiya şirkətləri siyahısında 7 noyabrda 12 şirkət var idi.
Hesab açmaq üçün investorlar adətən şəxsiyyət vəsiqəsi ilə vasitəçinin tətbiqində və ya ofisində investisiya hesabı açır, sonra pul köçürüb alış əmri verir. Hər əməliyyatdan vasitəçinin və birjanın komissiyası tutulur, buna görə də kiçik məbləğlə tez-tez alıb-satmaq gəlirin xeyli hissəsini aparır. PAŞA Bankın IPO-sunda minimum alış bir səhm idi, yəni birjaya girmək üçün böyük kapital şərt deyil.
Xarici broker və ETF haqqında Mərkəzi Bankın mövqeyi
ETF birjada səhm kimi alınıb-satılan fonddur və onun bir payı yüzlərlə şirkətin səhmini və ya istiqrazını birdən əhatə edir. Onun cəlbediciliyi bir şirkətə bağlı riski azaltmasındadır, bazar bütövlükdə düşəndə isə ETF də ucuzlaşır.
Mərkəzi Bank 2026-cı il avqustun 21-də məlumatlandırma yaydı. Monitorinq zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda saytlar, sosial şəbəkələr, təlim və seminarlarla təşviq edildiyi aşkarlanmışdı. Bank bildirdi ki, başqa ölkənin tənzimləyicisinin verdiyi lisenziya platformaya Azərbaycanda investisiya xidməti göstərmək və ya onu təşviq etmək hüququ vermir, bu iş yalnız AMB-nin lisenziyası ilə mümkündür.
Xarici səhm və ya ETF almaq istəyənlər buna görə AMB siyahısındakı vasitəçiyə müraciət edir, mübahisə yarananda da yerli tənzimləyiciyə şikayət edə bilir. ETF dollarla alındığı üçün gəlirə məzənnə də təsir edir. Manat 1.70-də qaldıqca bu risk hiss olunmur, ancaq o, aradan da qalxmır.
Qızıl və mənzil pulu inflyasiyadan qoruyurmu?

Mərkəzi Bankın rəsmi məzənnə cədvəlində bir troya unsiyası qızıl 2023-cü il noyabrın 6-da 3,372.92 manat idi. Bir il sonra o, 4,663.30 manat, 2025-də 6,781.03 manat oldu, bu ilin noyabrında 6,877.44 manat idi. Manatla hesablayanda bu, ardıcıl +38.3%, +45.4% və +1.4% deməkdir. İki güclü ildən sonra gələn üçüncü il illik inflyasiyadan geri qaldı.
Zinət əşyası ilə investisiya qızılı eyni şey deyil. Üzük alanda işçilik haqqı ödəyirsiniz, köhnə qızılı satanda zərgərlər çox vaxt bazar qiymətindən aşağı təklif verir. Əyara görə gündəlik qiyməti və lom endirimini saytdakı qızılın qiyməti kalkulyatoru ayrıca hesablayır.
Mənzildə gəlir kirayədən və qiymət artımından gəlir, kirayədən tutulan vergi yuxarıdakı cədvəldədir. Əsas çatışmazlıq pulun bir yerə bağlanmasıdır. Mənzilin bir otağını satmaq olmur, alıcı axtarmaq da aylarla çəkə bilər.
Kriptovalyuta və forex niyə cədvəlin sonundadır?
Forex adı ilə reklam olunan xidmətlərin çoxu əslində CFD satır. Müştərilər valyutanın özünü almır, borc pulla onun qiymət hərəkətinə mərc edir və zərərləri qoyduqları məbləği keçə bilər. Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsi (ESMA) 2018-də bu məhsulları məhdudlaşdıranda Avropa tənzimləyicilərinin analizinə istinad etdi. Həmin analizdə pərakəndə CFD hesablarının 74–89%-i adətən pul itirirdi.
Kriptovalyutanın qiyməti bir neçə gündə onlarla faiz dəyişə bilir və onu qoruyan fond yoxdur. Platforma bağlananda və ya hesab oğurlananda pulu qaytaran tapılmır. Bitkoinin cari qiyməti saytın bazar monitorunda görünür. Alış və saxlama ilə bağlı riskləri kriptovalyuta investisiyalarının riskləri bir-bir sadalayır.
Saxta investisiya şirkətini necə tanımaq olar?
Noyabrın 3-də Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə əməliyyatın nəticəsini açıqladı. Kiyevdə qeyri-qanuni zəng mərkəzlərində işləyən 11 nəfər saxlanılaraq Azərbaycana gətirildi. Zəng edənlər özlərini polis, mobil operator, bank və investisiya şirkəti əməkdaşı kimi təqdim edir, bəzi hallarda yüksək gəlir vəd edirdilər. Toplanan pul kartlardan keçirilib kriptovalyutaya çevrilir və xaricə çıxarılırdı (APA, 3 noyabr 2026).
Belə sxemlərdə adətən bu əlamətlərdən bir neçəsi birlikdə olur.
- Zəmanətli və ya hər ay sabit gəlir vəd olunur, özü də bank faizindən bir neçə dəfə çox.
- Şirkət AMB-nin investisiya şirkətləri siyahısında yoxdur, əvəzində xarici lisenziyanın şəkli göstərilir.
- Pulu şəxsi karta və ya kripto pul kisəsinə köçürmək tələb olunur.
- Zəng edən kart məlumatını, SMS kodunu soruşur və ya pulu təhlükəsiz hesaba keçirməyi təklif edir.
- Yeni iştirakçı gətirənlərə bonus verilir.
Pulu artıq köçürmüş adamlar üçün ilk saatlar vacibdir. Kartı bankın qaynar xətti ilə bloklatmaq, köçürmənin qəbzini və yazışmaları saxlamaq, polisə ərizə vermək sonradan pulun izini tapmağa kömək edir, hərçənd geri qaytarılmasına zəmanət yoxdur.
Onlayn qazanc adı ilə yayılan piramidaların başqa yerli nümunələri pul qazanmağın real yolları yazısının fırıldaq bölməsində toplanıb.
5,000 manat bir ildə: dörd alətdə hesab
Tutaq ki, 5,000 manatı bir illiyə qoyursunuz və rəqəmlər bugünkü rəsmi göstəricilərdə qalır. Bank və broker haqları hesaba daxil edilməyib.
- Manat əmanəti, orta faizlə (9.89%): ildə 494.50 ₼ faiz. Ayda 41 ₼ civarında olduğu üçün güzəşt həddini keçmir və vergi tutulmur. İnflyasiya sentyabrdakı səviyyədə qalarsa, alıcılıq qabiliyyətindən təxminən 275 ₼ aparır.
- Dollar əmanəti, sığortalı maksimumla (2.5%): məzənnə 1.70 qalarsa 125 ₼ faiz, vergidən sonra 112.50 ₼.
- Üç illik dövlət istiqrazı (6.98%, sentyabr hərracı): ildə 349 ₼ kupon gəliri, vergi və broker haqqı çıxılmadan.
- Qızıl, AMB qiyməti ilə: ötən ilin noyabrında alınan 5,000 ₼-lıq qızıl indi 5,070 ₼-a yaxın edir. Bir il əvvəl alınsaydı, eyni məbləğ 2025-in noyabrına 7,270 ₼-a yaxın olardı.
Səhm, kriptovalyuta və forex üçün belə hesab qurulmur, çünki onların bir illik nəticəsi mənfi də ola bilər.
Pulu hansı ardıcıllıqla bölmək olar?
- Bir neçə aylıq xərci manatla, istənilən gün götürülə bilən hesabda və ya qısa əmanətdə saxlayın.
- İki-üç ildən tez lazım olmayacaq pulu 18 aylıq manat əmanəti ilə dövlət istiqrazı arasında bölün və bir bankda sığorta həddindən çox saxlamayın.
- Səhmə, ETF-ə və kriptovalyutaya yalnız itirməyə hazır olduğunuz hissəni ayırın, vasitəçini əvvəlcə AMB siyahısında yoxlayın.
- Hər yanvarda vergi qaydasına yenidən baxın, çünki güzəştlərin bir qismi müddətlidir.
Bu sıra redaksiyanın ümumi yanaşmasıdır, fərdi investisiya məsləhəti deyil. Gəliriniz, borclarınız və ailə vəziyyətiniz başqa qərar tələb edə bilər. Yığılacaq pul hələ azdırsa, əlavə gəlir yollarını onlayn iş haqqında bələdçimiz real vakansiyalar və fırıldaq elanları ilə birlikdə göstərir.
Mərkəzi Bankın növbəti faiz qərarını və vergi güzəştlərindəki dəyişiklikləri izləmək üçün AZERBUSINESS-in e-poçt bülleteninə abunə olun.
Hesabın əsası
- Manat əmanəti: 5,000 × 0.0989 = 494.50 ₼; aylıq faiz 494.50 ÷ 12 ≈ 41.21 ₼; inflyasiyanın təsiri 5,000 × 0.055 = 275 ₼.
- Dollar əmanəti: 5,000 × 0.025 = 125 ₼; vergi 125 × 0.1 = 12.50 ₼; 125 − 12.50 = 112.50 ₼.
- Dövlət istiqrazı: 5,000 × 0.0698 = 349 ₼.
- Qızıl, son il: 5,000 × 6,877.435 ÷ 6,781.028 ≈ 5,071 ₼ (AMB-nin 06.11.2025 və 06.11.2026 qiymətləri, bir troya unsiyası üçün).
- Qızıl, əvvəlki il: 5,000 × 6,781.028 ÷ 4,663.304 ≈ 7,271 ₼.
- Qızılın illik dəyişməsi: 4,663.304 ÷ 3,372.919 ≈ 1.383; 6,781.028 ÷ 4,663.304 ≈ 1.454; 6,877.435 ÷ 6,781.028 ≈ 1.014.
- İkiqat olma müddəti (72 qaydası): 72 ÷ 9.89 ≈ 7.3 il; 72 ÷ 3.03 ≈ 23.8 il.
- Repo payı: 28,667,331,656 ÷ 37,140,439,317 ≈ 0.77.
- Səhm əqdləri: 53,938,130 + 1,409,908,883 = 1,463,847,013 ₼.
Tez-tez verilən suallar
Fərdi sahibkarın bank hesabındakı pul da sığortalanır?
Bəli, amma daha aşağı həddə qədər. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün açdığı hesabda ƏSF ən çox 20,000 manat kompensasiya ödəyir, bu məbləğdən yuxarı qalıq qorunmur.
Eyni bankda həm manat, həm dollar əmanətim var. Kompensasiya necə hesablanır?
ƏSF bir bankdakı bütün əmanətləri, o cümlədən filiallardakı və müxtəlif valyutadakı əmanətləri toplayır və bir əmanət kimi kompensasiya edir. 100,000 manat həddi ayrı-ayrı əmanətə deyil, həmin cəmə tətbiq olunur.
Bankda hər kəsin əmanəti sığortalanırmı?
Xeyr. ƏSF-in qaydasına görə, bankın müşahidə şurası, audit komitəsi və idarə heyəti üzvlərinin, səsvermə hüququ verən səhmlərin 10%-inə və daha çoxuna sahib olanların və onların yaxın qohumlarının, həmçinin bankın son il auditini aparmış kənar auditorların əmanəti qorunmur. Bankın Azərbaycandan kənardakı bölmələrinin cəlb etdiyi əmanətlər də kompensasiyaya düşmür.
Azərbaycan İnvestisiya Holdinqinə pul qoymaq olar?
Xeyr. Azərbaycan İnvestisiya Holdinqi 7 avqust 2020-ci il fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir və işi dövlət şirkətlərinin idarə olunmasıdır, vətəndaşın pulunu yatırdığı fond kimi qurulmayıb. Adında investisiya holdinqi sözü olan özəl şirkət pul istəyirsə, onu Mərkəzi Bankın lisenziyalı investisiya şirkətləri siyahısında axtarın.
Mənbələr
- AMB — Faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb (29.10.2026)
- AMB — Statistik bülleten, sentyabr 2026 (cədvəl 3.2, 3.3)
- ƏSF — Sığortalanmış əmanət
- ƏSF — Qorunan və qorunmayan əmanət
- ƏSF — Ödənilmiş kompensasiyalar haqqında məlumat
- ƏSF — Üzv bankların reyestri
- AMB — «Muğan Bank» ASC-nin lisenziyasının ləğvi (19.10.2023)
- Vergi Məcəlləsi (e-qanun.az)
- DVX — Bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunmasında dəyişikliklər (26.12.2023)
- DVX — Əmanət faizlərinə güzəştin müddəti başa çatıb
- Bakı Fond Birjası — Ticarət statistikası, yanvar–oktyabr 2026
- AMB — İnvestisiya şirkətləri
- AMB — Lisenziyalaşdırılmış investisiya şirkətlərinin xidmətlərindən istifadə ilə bağlı məlumatlandırma (21.08.2026)
- PAŞA Bank — IPO abunə müddətinin uzadılması (12.05.2026)
- PAŞA Bank — IPO-nun başlanması (06.04.2026)
- AMB — Rəsmi məzənnələr, qızılın qiyməti (06.11.2026)
- ESMA — Binary options ban and CFD restrictions (27.03.2018)
- APA — Azerbaijan's cybercrime police and Ukrainian police conduct joint operation (03.11.2026)
- DVX — Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman (07.08.2020)
Material məlumat xarakterlidir və investisiya və ya hüquqi məsləhət deyil; 100% nəticəyə zəmanət vermir — qərarı öz araşdırmanız əsasında verin. İstifadə şərtləri