Bazar · 16:44
Xəbər · Şirkətlər

Kiçik sahibkarlara mənfəət vergisinin 25%-i güzəşt olunacaq

Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə kiçik sahibkarlar üçün 5 illik güzəşt mexanizmi nəzərdə tutulur.

Kiçik sahibkarlara mənfəət vergisinin 25%-i güzəşt olunacaq

Kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki ilə nisbətən 30%-dən çox azalmayan sahibkarlara gəlir (mənfəət) vergisinin 25%-i həcmində güzəşt veriləcək. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Dövlət Vergi Xidmətinin məlumatına görə, güzəşt 5 il müddətinə tətbiq olunacaq.

Güzəştdən yararlanmaq üçün vergi ili boyu əmək münasibətlərinin pozulmaması əsas şərtdir. Layihədə qeyd olunur ki, kiçik sahibkarlıq subyektləri bəzi obyektiv amillərə görə orta sahibkarlıq kateqoriyasına keçə bilməsələr də, uzunmüddətli sabit fəaliyyətlərini davam etdirirlər. Yeni mexanizm həmin sahibkarların fəaliyyətinin stimullaşdırılmasına yönəlib.

Dövlət Vergi Xidməti nümunə də gətirib. 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti qismində fəaliyyət göstərən müəssisənin dövriyyəsi 2026-cı ildə 500 min manat, 2027-ci ildə 700 min manat olub. 2027-ci ildə xərcləri 300 min manat olduqda hesablanan mənfəət vergisi 80 min manat müəyyənləşir. Müəssisənin vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə hesablanmış verginin 25%-i, yəni 20 min manat çıxılacaq. Beləliklə, müəssisə 80 min manat əvəzinə 60 min manat mənfəət vergisi ödəyəcək.

Dövlət Vergi Xidmətinin izahına görə, bu yanaşma kiçik sahibkarların fəaliyyətinin sabitləşdirilməsinə, dövriyyənin süni yolla azaldılmasının qarşısının alınmasına və rəsmi məşğulluğun mühafizəsinə şərait yaradacaq. Vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və sabit fəaliyyət göstərən sahibkarların dəstəklənməsi vergi öhdəliklərinin könüllü icrasına da müsbət təsir göstərəcək.

Tarixçə

Vergi Məcəlləsi 1 xəbər
  1. Minik avtomobilləri istehsalına 6 illik ƏDV və gömrük güzəşti təklif olunur

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər